Əli Həsənov iqtidar-müxalifət görüşünün detallarını açıqlayıb

"Bugünkü görüşdə də biz bütövlükdə siyasi partiyalarla bu görüşün formatını, reqlamentini, tematikasını və digər məsələləri müzakirə etdik".

 

APA TV-nin məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət dialoqunun nəticələrinə dair jurnalistlərə açıqlamasında deyib.
 

Ə.Həsənov qeyd edib ki, partiya sədrləri məsələlər ətrafında fikirlərini səsləndiriblər: "Görüşdə müxtəlif fikirlər səsləndirildi. Gəldiyimiz razılaşma ondan ibarətdir ki, Prezident Administrasiyasının nümayəndəsi ilə siyasi partiyaların rəhbərlərinin görüşü aktual hesab olunsun, cəmiyyət üçün gərəkli, lazımlı bir akt kimi dəyərləndirilsin və davam etdirilsin. Bundan sonra mütəmadi olaraq hər iki ayda bir dəfə bu formatda yığışıb Azərbaycan ictimaiyyətini, hakimiyyəti, siyasi partiyaları, digər institutları narahat edən və yaxud cəmiyyət üçün aktual hesab olunan məsələləri müzakirə edəcəyik".

 

Görüşdə gələcək görüşlərin formatı məsələsi müzakirə edilib: “Siyasi partiyalar arasına ayrı-seçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İndiyə kimi keçirilmiş görüşlərdə təxminən 16-20 arasında siyasi partiya rəhbəri qatılıb. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan siyasi partiyalar bu görüşlərdə iştirak ediblər, bir neçəsi də təşrif buyurmayıb. Onlara da dəvətlər olunub, yəqin ki, bəlli səbəblərdən qatılmayıblar. Sonra iştirak etmək istəsələr, biz onlara da qapılarımızı açıq qoyuruq".

 

Üçüncü məsələ kimi görüşlərin mövzusu müzakirə olunub: "Gələcəkdə görüşlərə çıxarılacaq mövzuların əvvəlcədən müəyyən olunması məsələsi ətrafında geniş fikir mübadiləsi aparıldı və razılıq əldə olundu. Bütün siyasi partiyaların, ayrı-ayrı mətbuat orqanlarının, o cümlədən dövlət qurumlarının ictimai əhəmiyyətli hesab etdiyi məsələlər siyahıya alınacaq, bütün siyasi partiyalara göndəriləcək və onların seçimi ilə həmin məsələlərdən biri növbəti görüşün müzakirəsinə çıxarılacaq".

 

Müzakirə olunan mövzu ətrafında yaranmış fikir ayrılığı və ya fərqli fikirlərin cəmiyyətin müzakirəsinə çıxarılması da razılaşdırılıb:

 

"Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, ölkədə bütün institutlar - siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər".

 

Müxalifət partiyalarının rəhbərləri ilə görüşün nəticələrini  müsbət qiymətləndirblər. Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, görüş irəliyə doğru bir addım olub.

 

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri

Qüdrət Həsənquliyev görüşün nəticələrini çox yüksək qiymətləndirib: "Bu ölkədə demokratiyanın inkişafına öz töhfəsini verəcək. Azərbaycanda siyasi sistemin inkişafına çox ehtiyac var. Əvvəllər belə dialoqlar təsadüf hallarda olub. Amma bu gün biz razılaşdıq ki, hər iki aydan bir mütəmadi olaraq bu görüşlər keçirilsin".

 

 

Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu görüşün ənənəvi olduğunu bildirib.

 

 

Görüşdə bundan sonra iki aydan bir bu formatda görüş keçirilməsinə qərar verilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı