Şəmkirdə ayaqqabısında saxta pul gizlədən Rusiya vətəndaşı tutuldu

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əslən rayonun Dəllər qəsəbəsindən olan, hazırda Rusiyanın Rostov vilayətində yaşayan 27 yaşlı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb. APA TV-nin məlumatına görə, şöbədə onun üzərində xeyli miqdarda saxta Rusiya və Belarus rublu tapılıb. Şəmkir RPŞ-nin İstintaq bölməsinin rəisi Məhərrəm Məmmədov saxlanan şəxsin pulları gizlətdiyini bildirib: "Onun ayaqqabısının altından 225 min saxta rus rublu və 42.650 saxta belarus rublu aşkarlanıb. Faktla bağlı tərəfimizdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda onun həmin pulları əldə etmə mənbəyi və istifadə yerləri araşdırılır". Saxlanan Ələkbər Aslanov pulları haradan əldə etdiyini deyib: "Mənə o pulları firmadan veriblər. Saxta olduğunu bilmirdim. Bilsəm heç belə etməzdim. Ayaqqabımın altında özüm gizlətmişdim. Başqa məqsədlərim olmayıb". Ələkbər Aslanov Rusiya vətəndaşı olsa da, Şəmkir rayonu ilə daim əlaqədə olub. Onun vaxtaşırı doğmalarının yanına gəlib-getdiyi bildirilir.

 

 

Müəllif | Apa.Tv