“Sabahın alimləri” IV respublika müsabiqəsi keçirilib

“Sabahın alimləri” IV respublika müsabiqəsində 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. APA TV-nın xəbərinə görə, bunu "“Sabahın alimləri” IV respublika müsabiqəsinə həsr olunmuş tədbirdə təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir deyib ki, müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İsef) çərçivəsində təşkil olunur: “Müsabiqənin keçirilməsinin əsas məqsədi yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. İnnovativ fikir yarışması olan bu müsabiqə gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcək”.

Azərbaycan elminin inkişafında “gənc alimlərin” yerinin göründüyünü deyən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə bildirib ki, bu müsabiqə elmə ildən-ilə böyük töhfələr verəcək.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə qeyd edib ki, şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğur bütövlükdə ölkə üçün əvəzsiz töhfədir.

Qeyd edək ki, müsabiqə üç gün davam edəcək. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal, və mükafat təqdim olunacaq.
 

Müəllif | Apa.Tv