Bakıda qaynını qətlə yetirən gənc: "Kaş, qardaşım yox, mən öləydim"

Fevralın 10-u axşam saatlarında Bakının Biləcəri qəsəbəsində qaynını qətlə yetirən Əfqan Yusibov hadisənin təfərrüatını açıqlayıb. APA TV-nin məlumatına görə, o bildirib ki, qaynı, həm də əmisi oğlu Vüqar Salmanovla birlikdə yeyib-içiblər. Məclisdə Vüqar Salmanovun qardaşı Kazım da iştirak edib. Vüqar yeznəsi Əfqana deyib ki, qohumları televizor və DVD aparatı satır. O, televizoru özünə, DVD aparatını isə Əfqana alacağını vəd edib. Yeyib-içən qohumlar üçlükdə avadanlıqları almağa gediblər. Televizor və DVD aparatını alan Vüqar Salmanov son anda fikrini dəyişib və hər ikisini özünə götürəcəyini deyib: "Dedim ki, DVD-ni ver mənə. Dedi ki, yox, ikisini də özüm götürürəm. Dedim ki, Vüqar, məni bura gətirdin ki, DVD-ni sənin üçün götürəcəm".

 

Bu səbəbdən Əfqan Yusibovun əmisi oğulları Vüqar və Kazım Salmanovlarla mübahisəsi düşüb. Mübahisə zamanı DVD aparatı yerə düşüb və sınıb.

 

Həmin vaxt ayrılan qohumlar bir qədər sonra yaşadıqları evin qarşısında bir daha üz-üzə gəliblər. Əfqan Yusibovun sözlərinə görə, qaynı Vüqar Salmanov evdən bıçaq da götürüb: "Bıçağı gətirəndə qayınanam başındakı yaylığı atdı yerə ki, Vüqar, eləmə. Bıçağı mənə tərəf gətirəndə əlimlə tutdum. Bıçağı hərəmiz öz tərəfimizə dartdıq. Birdən Vüqar dedi ki, bıçaq mənə dəydi".

 

Bıçaq Vüqar Salmanovun ürək nahiyəsinə dəyib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Əfqan Yusibov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, üç uşaq atasını öldürdüyünə görə peşiman olduğunu deyir: "Kaş ki, mən öləydim, qardaşım ölməyəydi. Mənim ailəm dağılır. Onun üç balası mənim üzümdən yetim qaldı. Qardaş qardaşı öldürər?"

 

Faktla əlaqədar Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv