Angela Merkel: "Minsk razılaşmasının icrası prosesi normal getməsə..."

Avropa Birliyinin Brüsseldə keçirilən qeyri-formal sammiti Rusiyanın ünvanına hədələrlə yadda qalıb. APA TV-nin məlumatına görə, Almaniya kansleri Angela Merkel bəyan edib ki, Minsk razılaşmasının həyata keçirilməsi prosesi normal getməsə, Rusiyaya qarşı sanksiyalar istisna deyil. Merkel onu da bildirib ki, Avropa Birliyinin 19 fiziki və 9 hüquqi şəxsə qarşı sanksiyaları Minsk razılaşmalarına baxmayaraq, planlaşdırıldığı kimi fevralın 16-da qüvvəyə minəcək.

 

Avropa Birliyinin rəhbəri Donald Tusk da nəyan edib ki, Minsk razılaşmalarına əməl olunmasa, Avropa Birliyini lazımi addımları atmağa hazırdır: "Atəşkəs rejiminə əməl olunmalıdır. Biz münaqişənin səngidiyini görməliyik. İstənilən yaxşı və ya pis hadisələrə hazırıq".

 

Xatırladaq ki, ötən gün Minskdə Ukraynadakı münaqişənin dinc yolla nizamlanması planı razılaşdırılıb. Plan atəşkəsin elan edilməsini və qoşunların geri çəkilməsini nəzərdə tutur. Atəşkəs fevralın 15-də Bakı vaxtı ilə saat 02.00-dan qüvvəyə minməlidir.

 

Ukrayna prezidenti Petro Poroşenko isə Minsk razılaşmasının həyata keçirilməsi ilə barədə bədbindir. Minskdən birbaşa Brüsselə yollanan Ukrayna prezidenti Belarus paytaxtındakı danışıqların çox çətin keçdiyini bildirib. Poroşenko düşünür ki, razılaşmaların icrası prosesi heç də asan olmayacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv