İŞİD 21 misirli girovu edam edib

İŞİD terror qruplaşmasının silahlıları ötən gün İraqın qərbindəki Əl Bağdadi şəhərini ələ keçirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə "Əl-Cəzirə" peyk telekanalı məlumat yayıb. Məlumata görə, şiddətli döyüşlər zamanı İŞİD-in və İraq ordusunun canlı qüvvəsi xeyli itki verib. Silahlıların şəhərə bir neçə istiqamətdən hücuma keçdiyi qeyd olunur. Döyüşlər zamanı azı 14 hərbçinin həlak olduğu bildirilir. Terrorçuların itkisi barədə məlumat verilmir. 

 

Bundan başqa, ABŞ dəniz piyadaları korpusunun 320 mütəxəssisinin iraqlı hərbçilərə təlim keçdiyi “Əyn Əl Asad” aviabazasının yaxınlığında döyüşlərin getməsi barədə məlumat verilir. Əl Bağdadi şəhəri İraqın Suriya ilə həmsərhəd olan və  böyük hissəsinin terrorçuların nəzarətinə keçən Ənbar əyalətində yerləşir.

İŞİD terrorçuları həmçinin Liviyada girov götürdüyü 21 Misir vətəndaşını qətlə yetirib. Bu barədə "Əl-Ərəbiyə" telekanalı məlumat yayıb. Silahlıların yaydığı məlumatda bildirilir ki, “Cunud vilayət Tarabulus” qruplaşması (Tripoli əyalətinin döyüşçüləri) xristian dininə (koptlar) mənsub 21 Misir vətəndaşını əsir götürərək edam edib. Silahlılar sübut kimi narıncı rəngli libasda olan girovların şəkillərini dərc ediblər. 

 

Qətlin baş verdiyi tarix açıqlanmır.

 

Qeyd edək ki, silahlılar  Liviyaya qazanc dalınca gəlmiş koptları yanvarın əvvəllərində Sirt şəhəri yaxınlığında (Tripolidən 600 km şərqdə) girov götürüblər.

 

Müəllif | Apa.Tv
Apa.tv