Arzu Rəhimov: "Hərbi xidmətə yararsız çağırışçılar orduda xidmət etmək istəyirlər"

"Hərbi xidmətə yararsız hesab olunan çağırışçılar ordu sıralarında xidmət etmək istəyirlər".

 

APA TV-nin məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov jurnalistlərə açıqlamasında deyib. Xidmət rəisi bildirib ki, bu müraciətlərin sayı günbəgün artır: "Biz onları orduya göndərə bilmirik. Bunun digər səbəbi də orduda xidmət etmək məqsədi ilə müraciət edən şəxslərin qarşısında dövlət qurumlarına və bütün hüquq-mühafizə orqanlarına işə qəbul üçün hərbi xidmət keçmək şərtinin qoyulmasıdır".

 

Arzu Rəhimov Azərbaycanda yaşayan qadınlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmətinə icazə verən “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın qəbuluna da münasibət bildirib: "Belə hal vardırsa, deməli tədbir görülməli idi, qanuniləşdirilməli idi".

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının üçüncü ildönümü qeyd edilib. Arzu Rəhimov 3 ildə Azərbaycanda səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilindən danışıb. Xidmət rəisi əlavə edib ki, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində daxil olmuş məlumatlar əsasında Saatlı, Göyçay idarələrində, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin Gəncə filiallarında yoxlamalar aparılıb, faktlar təsdiqini tapdığından toplanan sənədlər Respublika Hərbi Prokrorluğuna göndərilib.

 

Tədbirin sonunda xidmətdə fərqlənmiş əməkdaşlar Azərbaycan prezidentinin sərəncamı və xidmət rəisinin əmri ilə təltif olunub.

 

 

 

 

 

Müəllif | Apa.Tv