Qənirə Paşayeva həmsədrləri qınadı

"Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq 100-ə yaxın evi hədəfə alıb".

 

APA TV-nin xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində törətdiyi vandalizm aktlarından danışarkən bildirib. Onun sözlərinə görə, ermənilər altı nəfərlik bir ailənin - Nəbiyev İsmayıl Əkbər oğlunun evini atəşə tutaraq yandırıblar. Hələ bu azmış kimi, yanğını söndürməyə gələn yanğınsöndürənlərə evi söndürmək imkanı verməyərək qeyri-insani əməllərə əl atıblar. Millət vəkili kənd sakini Əliyeva Xatirə Tofiq qızı evlərinin atəşə tutulması nəticəsində yaralandığını da qeyd edib.

 

Qənirə  Paşayeva ATƏT-in Minsk Qrup həmsədrlərini Ermənistanın bu cür qeyri-insani əməllərinə qarşı etiraz səslərini ucaltmamaqda, bunu pisləyən açıqlamalar verməməkdə ittiham edib. O bildirib ki, nə həmsədrlər, nə həmin ölkələrin buradakı səfirləri, nə insan haqlarından danışan beynəlxalq təşkilatlar və onların Azərbaycandakı ofisləri bununla bağlı heç bir bəyanat və açıqlamalarla çıxış edib: “Ön cəbhədə yaşayan insanlar onları bu ikili standartlara son qoymağa çağırır. Biz beynəlxalq təşkilatlarda olanda, onların təmsilçiləri ilə görüşəndə hər zaman bunu açıq deyirik və cənab prezident də Münhendəki çıxışında bunu ən yüksək səviyyədə bir daha açıqladı. Mən beynəlxalq təşkilatları, onların buradakı təmsilçilərini dəvət edirəm, getsinlər Ermənistanın atəşkəsi pozaraq evlərini yandırdığı, dağıtdığı, öz evinin içində güllə ilə yaraladıqları insanlarla görüşsünlər və Ermənistanın mülkü vətəndaşlara qarşı bu vandalizm aktlarına susmasınlar, öz etiraz səslərini ucaltsınlar, buna qarşı tədbirlər görsünlər”.

 

Millət vəkili deyib ki, cəbhədə ən öndə yerləşən evlərin qarşısında istehkam divarlarının, qoruyucu divarların tikintisi sürətlənməlidir. O, eyni zamanda Əlibəyli kimi kəndlərdə sığınacaq tikilməsi və ön cəbhə kəndlərində yaşayan ailələrin evlərinin təcili sığortası məsələsinin öz həllini tapmasının vacibliyini də vurğulayıb.

 

Müəllif | Apa.Tv