Qafqaz Müsəlmanları İdarəsində İran Təqvim Şurasının üzvləri ilə görüş keçirilib

"Bu ilin mayda Tehran Geofizika İnstitutu tərəfindən dini təqvim, yeni ayın görünməsi ilə bağlı konfrans keçiriləcək. Konfransda ərəb ölkələrindən də nümayəndələr iştirak edəcək”.

 

APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsində İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə deyib: “Hazırladığımız dini təqvim İranda həm sünni, həm də şiə məzhəbi tərəfindən müsbət qarşılanır. Şamaxıda olarkən üç rəsmi iclas keçirdik, İranda təqvim vaxtının hesablanması ilə bağlı meyarları təqdim etdik. Biz təqvim vaxtını müəyyən edən zaman ehtiyat vaxtını müəyyən etmirik, bunu ibadət edən insanın öhdəsinə buraxırıq. Şamaxıda ikinci iclas yeni ayın təyin edilməsi ilə bağlı idi. İclasda bizim tərəfdən ən müasir texnologiya ilə yeni ayın görünməsi barədə məlumat verildi. Biz bu məsələlərdə azərbaycanlı qardaşlarımızla əməkdaşlıq etməyə hazırıq. Azərbaycanlı həmkarlarımız da bu sahədə fəaliyyətləri ilə bağlı bizə məlumat verdilər".

 

İki gün Şamaxı Rəsədxanasında Azərbaycanın din xadimləri ilə səmərəli müzakirə aparıldığını deyən Fərhəng Əhmədiyyə qeyd edib ki, Tehran Universitetinin Geofizika İnstitutu ölkədə dini təqvimin hazırlanması üzrə əsas qurumdur.

 

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İran Təqvim Şurasının üzvləri ilə görüş keçirilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyanın bir çox yerindən fərqli olaraq, Azərbaycanda ayrı məzhəblərin nümayəndələri eyni məsciddə namaz qalırlar. İftar, imsaq kimi məsələlərlə bağlı məzhəblər arasında razılığa gəlinməsinə, məzhəblər arasında yaxınlaşma üçün bu cür görüşlərin keçirilməsinə ehtiyac var.

 

Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin, İran Təqvim Şurasının üzvləri və Tehran Universitetinin müəllimləri iştirak ediblər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı