Fransa Senatının üzvü Quba məzarlığını ziyarət edib

Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Elzas regionunun nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət edib. APA TV-nin şimal bürosunun xəbərinə görə, qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə məlumat verilib.

 

Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən təsadüfən aşkarlanıb. Tədqiqat işləri nəticəsində məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları tapılıb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Ermənilərin azərbaycanlılarla yanaşı, bu bölgədə yaşayan digər xalqların nümayəndələrini də qətlə yetirdiyi vurğulanıb.

Jan-Mari Bokel jurnalistlərə açıqlamasında deyib ki, belə faciəli hadisələr insanları düşündürür və onların sülhpərvər hisslərini artırır. O, həmçinin Azərbaycanın Fransadakı dostları olaraq hər məsələyə həssas yanaşdıqlarını bildirib. 

Fransa nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətində, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə də olub.

 

Müəllif | Apa.Tv
Vəli Turan