Şamaxıda dəhşətli qəza: valideynlər öldü, 2 yaşlı uşağın vəziyyəti ağırdır

Şamaxıda ağır yol qəzası baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə,  Bakı-Qazax yolunun 130-cu kilometrliyində, Şamaxı rayonu ərazisində vətəndaşa məxsus “NAZ Lifan” markalı minik avtomobili idarəetmədən çıxıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər avtomobildən 2 nəfərin cəsədini və bir azyaşlını çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Məlumata görə Qəbələ rayon sakini 1986-cı il təvəllüdlü Əfəndiyev Murad İzzət oğlunun idarə etdiyi 36-BE-518 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb və aşıb. Sürücü Murad Əfəndiyev və həyat yoldaşı 1989-cu il təvəllüdlü Nərmin Əfəndiyeva hadisə yerində ölüblər. Ailənin azyaşlı övladı, 2013-cü il təvəllüdlü İzzət Əfəndiyev ağır xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin yağışlı və dumanlı hava səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov