“İnterpol”un 8 ildir axtardığı azərbaycanlı qadın Dubayda həbs olunub

Səkkiz il əvvəl İnterpolun "qırmızı bülleteni” ilə axtarışda olan Azərbaycan vətəndaşı Dubayda keçirilən xüsusi əməliyyat zamanı həbs edilib. APA TV-nin “Vesti.az” saytına istinadən yaydığı məlumata görə, Bakı sakini, 1961-ci il təvəllüdlü Əkbərzadə Gülnarə Musa qızı bu müddət ərzində ölkə sərhədlərindən kənarda gizlənib. DİN-in İnsan alverinə qarşı mübarizə idarəsindən Vesti.az-a verilən məlumata görə Gülnarə Əkbərzadənin mütəşəkkil cinayətkar dəstəyə başçılıq etdiyi sübut olunub. Buna qədər Gülnarə Əkbərzadənin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin 4 üzvü saxlanılıb və onların barəsində istintaq işləri gedir. Polis əməkdaşları dəstə tərəfindən aldadılaraq Dubaya aparılan və cinsi istismara məruz qalan 15 Azərbaycan vətəndaşı olan qadınların şəxsiyyətlərini müəyyən ediblər. Onların Gülnarə Əkbərzadə tərəfindən əvvəlcədən kirayələnmiş evlərdə və otellərdə saxlandıqları məlum olub. Qadınların yaş həddi 20-28 arasındadır. Araşdırmalar zamanı bu işlə təkcə Gülnarə Əkbərzadənin yox, həm də onun 5 il əvvəl eyni əmələ görə təqsirləndirilən və hazırda azadlıqda olan anasının da məşğul olduğu ortaya çıxıb. Hazırda cinayətkar dəstənin 6 üzvü saxlanılıb, qruplaşmanın digər üzvlərinin aşkarlanması istiqamətində axtarış davam edir.


 


 

Müəllif | Apa.Tv
Apa.tv