Fəttah Heydərov: "Azərbaycanda sabitlik mövcuddur və iqtisadi inkişaf davam edir"

“Sosial, iqtisadi, elm, təhsil və ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi sahəsində ciddi uğurlar əldə olunub. Ölkəmizin hər yerində böyük işlər görülür, iqtisadiyyatımız inkişaf yolundadır. Biz artıq dünyanın ən böyük proyektlərinə nəinki qoşulur, hətta onlara rəhbərlik edirik”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatına dair keçirilən iclasda Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib. Millət vəkilinin sözlərinə görə, bu gün dünyanı iqtisadi böhran bürüdüyü halda, Azərbaycanda sabitlik mövcuddur və iqtisadi inkişaf davam edir.

 

Fəttah Heydərov bu il Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları və parlament seçkilərinin önəmini vurğulayaraq, 2015-ci ilin işgüzarlıq baxımından gərgin olacağını söyləyib. O, Ağsaqqallar Şurasının üzərinə də böyük məsuliyyət düşdüyünü bildirib: “Görəcəyimiz işlərin əsas məqsədi dövlətçiliyimizə xidmət etməkdir. Hər şeydən əvvəl sabitlik lazımdır. Bəzi qüvvələrin bu şəraitdən istifadə edərək gənclərimiz arasında dövlətçilik əleyhinə təbliğat aparmasının qarşısını almaq üçün ağsaqqal sözünə həmişə ehtiyac var”.

 

İclasda Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov 2014-cü ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib. O, Şura üzvlərinin ötən il Azərbaycanda keçirilən bələdiyyə seçkilərində fəal iştirak etdiklərini də diqqətə çatdırıb.  

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Şuranın yaradılmasını müdrik addım kimi qiymətləndirərək, bu fəaliyyətin artıq ölkə regionlarını əhatə etdiyini söyləyib.

Daha sonra Ağsaqqallar Şurasının digər üzvləri müəyyən təkliflərlə çıxış ediblər.

 

Fəttah Heydərov Şura sədri və millət vəkili olaraq iclasda qaldırılan təkliflərin həllinə çalışacaqlarını bildirib.

 

Sonda yubiley yaşı olan şura üzvlərinə hədiyyələr təqdim olunub.

Müəllif | Apa.Tv