Salyanda canavarlar kəndə hücum çəkərək atın balasını parçalayıb
Salyanda canavarlar kəndə hücum çəkərək atın balasını parçalayıb. Ev sahibi isə bundan səhər xəbər tutub. APA TV-nin məlumatına görə, hadisə Salyan rayonunun Qırxçıraq kəndində baş verib. Həmin kəndin sakini İbrahim Məmmədova məxsus atın balasını canavarlar parçalayıb. Təsərrüfat sahibi evdən bir qədər aralıda bağladığı ata baxmaq istəyərkən at balasının canavarlar tərəfindən parçalandığını görüb.
Kənd sakinləri bu cür hadisələrin əvvəllər də olduğunu bildirirlər. Ancaq canavarların ovlanması qadağan olunduğundan onlarla mübarizə aparmaq olmur.
Bununla bağlı rayon baytarlıq idarəsinə məlumat verilməsə də ərazi icra nümayəndəsi məlumatlandırılıb. Qeyd edək ki, Qırxçıraq kəndi bir neçə dəfə canavarların hücumuna məruz qalıb və sakinlərə xeyli ziyan vurub.