"Sabahın alimləri" mükafatlandırıldı

Fevralın 14-də Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini  Ceyhun Bayramov, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, təhsil işçiləri və ekspertlər iştirak edib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İsef) çərçivəsində təşkil olunur. Bu ilki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib. Müsabiqənin keçirilməsinin əsas məqsədi yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu deyən nazir müavini bilirib ki, İnnovativ fikir yarışması olan bu müsabiqə gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcək. Müsabiqə üç gün ərzində keçirilib. Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Qiymətləndirmə nəticəsində ilk 3 yerə layiq görülən 47 layihə müəyyənləşdirilib. Qaliblərə diplom medal və mükafatlar təqdim olunub.

  

Müəllif | Apa.Tv