Bakıda sərxoş sürücü qəza törətdi: 4 yaralı

Gecə saatlarında Bakının Nizami rayonunda baş verən yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Naxçıvanski və Elşən Süleymanov küçələrinin kəşişməsində qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil Elşən Süleymanov küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkət  edən "VAZ 21099" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hər iki maşında olan sürücü və sərnişinlər xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları yaralılara ilkin yardım göstərib. "VAZ 21099"da olan sərnişinlər - 83 yaşlı Tavad Kərimova və 40 yaşlı Rübabə Mirzəyeva ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralı cərrahiyyə əməliyyatı olunub, vəziyyətləri kafidir.

 

Hadisədən sonra toqquşan avtomobillərin sürücüləri arasında dava düşüb. Əraziyə Yol-Patrul Xidmətinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hər iki sürücü polis idarəsinə aparılıb.

 

Hadisə yerində aparılan ilkin araşdırmalardan sonra məlum olub ki, qəzaya "VAZ 21099" markalı avtobonilin sürücüsünün sükan arxasına sərxoş vəziyyətdə əyləşməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv