Türkiyədə 20 yaşlı tələbə qızın qətlinə etiraz olaraq kütləvi aksiyalar keçirilir
Türkiyənin müxtəlif şəhərlərində zorlama cəhdi zamanı müqavimət göstərdiyinə görə öldürülən 20 yaşlı tələbə Özgəcan Aslanın qətli ilə əlaqədar kütləvi etiraz aksiyaları keçirilir.
Hadisə Mersin şəhərində baş verib. Özgəcan avtobusla evə gedirmiş. O, avtobusda tək sərnişin qalıb və hərəkət marşrutunu dəyişən cürücü avtobusu kimsəsiz yerdə saxlayıb. O, 20 yaşlı tələbəni zorlamaq istəyib. Lakin Özgəcan qaz balonundan istifadə etməklə müqavimət göstərib. Bundan əsəbiləşən cinayətkar tələbə qıza bir neçə bıçaq zərbəsi endirib. Özgəcan Aslanın meyiti iki gün sonra tapılıb.
APA TV-nin xəbərinə görə, şahid ifadələri əsasında üç nəfər şübhəli şəxs kimi saxlanılıb. Avtobus sürücüsünə cinayətin izlərinin itirilməısində atası və tanışı köməklik edib. Onlar əməllərini etiraf ediblər.
Türkiyənin baş naziri Əhməd Davudoğlu söz verib ki, günahkarların cəzası çox ağır olacaq.