Ukraynada tərəflər ağır texnikanı geri çəkməyə başlayır - ATƏŞKƏS

Ukraynada atəşkəs rejiminin qüvvəyə mindiyi ikinci gün Minsk razılaşmalarının daha bir bəndinin icrasına başlanacaq. APA TV-nin məlumatına görə, bu gün Ukrayna ordusu və separatçılar ağır hərbi texnikanı cəbhə xəttindən eyni məsafədə geri çəkməyə başlayacaqlar. Hər iki tərəf razılaşmanın bu bəndinə riayət edəcəklərini bir daha təsdiqləyiblər. Razılaşmaya əsasən, 100 millimetrlik artilleriya sistemləri bir-birindən ən az 50 kilometr geri çəkilməlidir. Yüngül raket sistemləri arasında məsafə 70 kilometr, “Tornado”, “Uraqan” “Smerç” tipli raket qurğuları sistemləri və taktiki raket sistemləri arasında məsafə isə 140 kilometr olmalıdır. Münaqişə tərəfləri Ukrayna tərəfinin ağır texnikanı qoşunların faktiki təmas xəttindən, separatçıların isə 19 sentyabr razılaşmasında müəyyənləşən təmas xəttindən geri çəkməsi barədə razılıq əldə ediblər.


Xatırladaq ki, fevralın 15-dən etibarən Ukraynanın şərqində tərəflər atəşkəs elan ediblər. Ötən müddət ərzində bəzi lokal atışmalar nəzərə alınmasa, ciddi qarşıdurma qeydə alınmayıb. Münaqişə zonasında atəşkəs rejiminin bərqərar olduğunu ATƏT-in Ukraynadakı monitorinq missiyasının rəhbəri Ərtoğrul Apakan də təsdiqləyib.

Bu gün Almaniya, Fransa, Ukrayna və Rusiya rəhbərlərinin iştirakı ilə “Normandiya dördlüyü” formatında danışıqlar davam etdiriləcək. Bu ölkələrin rəhbərləri dünən keçirilən telefon danışıqlarında lokal insidentlərə baxmayaraq atəşkəs rejiminə riayət olunduğunu bildiriblər.

Müəllif | Apa.Tv
Apa.tv