Xəzəryanı ölkələrin XİN başçıları müavinlərinin görüşü Bakıda keçiriləcək
"Gələn ay Bakı şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin növbəti görüşü keçiriləcək".
APA TV-nin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, toplantı çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır. Xarici işlər nazirlərinin müavinləri səviyyəsində Türkiyə, Azərbaycan və İran arasında üçtərəfli formatın olduğunu xatırladan nazir növbəti görüşün yaxın vaxtlarda İranda təşkil olunacağını açıqlayıb: “İran Rəşt-Astara dəmir yolu xəttini bərpa etmək niyyətindədir. Təəssüf ki, Azərbaycanın bəzi əraziləri Ermənistanın işğalı altında olduğundan dəmir yolunun o hissəsi fəaliyyət göstərmir. Biz İran və Azərbaycan arasında dəmir yolunu bərpa etmək və onu Rusiya və daha sonra Avropa ilə birləşdirmək niyyətindəyik”.
"İran bir qonşu dövlət olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman rol oynamağa hazırdır" - deyən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ölkəsinin 100 kilometrlik ərazisinin münaqişə zonası ilə sərhəddə yerləşdiyini bildirib. O qeyd edib ki, İran bu münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllini istəyir: “İstəyirik ki, qonşuluqda təhlükəsizlik və sabitlik olsun. Qonşularımızın hamısı bizim üçün əhəmiyyətlidir. Azərbaycan ən əhəmiyyətli qonşumuzdur. Bu ölkə ilə yaxın bağlılığımız var və burada münaqişənin olması bizi incidir. İran bu münaqişədə Azərbaycana ciddi şəkildə yardım edib. Biz daim ATƏT-in Minsk qrupunun fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik”.
Nazir İran Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb.