Nazir: "Girovların qaytarılması məsələsi Sərkisyanın qarşısında qoyulub"
"Girovların qaytarılması məsələsi ən yüksək səviyyədə Ermənistanın prezidenti Serj Sərkisyanın qarşısında qoyulub".
APA TV-nin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi həmsədrlərlə, eləcə də Avropa İttifaqı ilə keçirilən bütün müzakirələrdə qaldırılıb.
O, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda səfərdə olduğunu deyib.
Sabah həmsədrlərin Ermənistan səfər edəcəklərini deyən nazir əlavə edib ki, onların işğal altındakı Dağlıq Qarabağa da gedəcəyi gözlənilir: “Həmsədrlər atəşkəs pozuntularından danışarkən ilk növbədə qeyd etməlidirlər ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Onda atəşkəs pozulmayacaq”.
Nazir bildirib ki, bu halda Cənubi Qafqazda sülh bərqərar olacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, həmsədrlər 6 maddəlik Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir. Ciddi danışıqlar başlamalıdır ki, regiona sülh gəlsin. İlk növbədə qaçqın və məcburi köçkünlər, hərbçilər öz evlərinə dönməlidir.