“Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” açılıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Mətbuat Şurasının birgə layihəsi olan “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin rəsmi açılış mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mərasimdə çıxış edən ARDNŞ-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə gənc jurnalistlər üçün təşkil edilən qış məktəbinin ölkəmizdə ilk belə layihə olduğunu diqqətə çatdırıb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov reallaşdırılan layihənin gənc jurnalistlərin ixtisaslaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Tədbirdə Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, İdarə Heyətinin üzvləri - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak edib.


Qeyd edək ki, “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” çərçivəsində enerji sektorunun bütün sahələrini - neft yataqlarının geologiya-geofizikası, qazma texnologiyası, neft-qaz hasilatı, həmçinin jurnalist etikası, medianın problemləri və s. mövzularda çıxışlar olacaq, təqdimat və diskussiyalar keçiriləcək. İştirakçılar ARDNŞ-ın məsul şəxsləri, Mətbuat Şurasının nümayəndələri, ekspertlərlə görüşəcəklər. Qış məktəbi dövründə şirkətin idarə və müəssislərinə ekskursiyalar təşkil ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv