Xoşbəxt Yusifzadə: "Neftin ucuzlaşmasının SOCAR-a ciddi təsiri yoxdur"

"Dünya bazarlarında neftin qiymətinin azalmasının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) böyük bir təsiri yoxdur".

 

APA TV-nin məlumatına görə, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Vitse-prezidentin sözlərinə görə, neftin ucuzlaşması hasilata, qazmaya və kəşfiyyata təsir göstərməyəcək.

 

"Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR hasilata, qazmaya və kəşfiyyata çəkiləcək xərclərini bir qəpik də olsun azaltmayacaq. SOCAR-ın həyata keçirdiyi bütün layihələr vaxtında yerinə yetiriləcək. Ola bilər ki, bəzi izafi xərclər azaldılacaq. SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrə də bunun heç bir ziyanı və zərəri olmayacaq. Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın".

 

Xoşbəxt Yusifzadə bildirib ki, bu il də hasilatın ümumi həcmi 8,3 milyon barel səviyyəsində planlaşdırılır. Bu rəqəm 3 ildir stabil saxlanılır. Bu il də bu proqnoz yerinə yetiriləcək. Azərbaycan Dövlət Neft Şirkətinin Rusiyanın iri neft-qaz şirkəti olan “Rosneft”lə birgə müəssisəsinin yaradılması ilə bağlı işlərin davam etdirildiyini deyən vitse-prezident bildirib ki, SOCAR Rusiya ərazisində bu ölkəyə məxsus neft-qaz yataqlarında işlərin aparılması ilə bağlı danışıqlar aparır. Xoşbəxt Yusifzadə bildirib ki, bundan başqa, SOCAR neft-qaz hasilatı və kəşfiyyatının aparılması ilə bağlı bəzi Afrika ölkələrindən təkliflər alıb. Eyni zamanda İranla da bu cür işlərə başlanılacaq. Vyetnamla isə iş birliyinin əldə edilməsi mümkündür.

 

Müəllif | Apa.Tv
Apa.tv