Azərbaycan prezidenti həmsədrləri qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Dövlət başçısı İran prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini vurğulayıb. O, M. C. Zərifin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin məhsuldar olacağına və əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Məhəmməd Cavad Zərif isə ölkələr arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu söyləyib. O, ölkələr arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.