Bakıda qayınatasının evindən oğurluq edən şəxs: "Şeytan gözümü bağladı"
Binəqədi polisi qayınatasının evindən oğurluq edən şəxsi saxlayıb. APA TV-nin məlumatına görə, 24 yaşlı Verdiyev Fuad Yaşar oğlu qayınatasının evinə girərək seyfdən qızıl-zinət əşyalarını oğurlayıb. Polis əməkdaşları tez bir zamanda oğurluq edən Yaşar Verdiyevi saxlayıb. İlkin dindirilmə zamanı o, qızılları sataraq 274 manat əldə etdiyini və borclarını qaytarmaq üçün xərclədiyini bildirib.
Rayon polisinin bir digər əməliyyatı zamanı narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, polis əməkdaşları Müşfiq qəsəbəsi sakini Mürşüdov Eldar Hafiz oğlunda iki ədəd kibrit qutusunda olan marixuana aşkarlayıblar. İlkin dindirilmə zamanı o bildirib ki, marixuananı satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün alıb.
Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.