Qaradağlı qətliamından 23 il ötür

Ermənilərin Azərbaycanın Qaradağlı kəndində törətdiyi qətliamdan 23 il ötür. APA TV-nin məlumatına görə, faciə nəticəsində 80-ə yaxın Qaradağlı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfər əsir götürülüb. Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün davam edən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

 

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, şahid ifadələrinə əsasən 9 nəfərin əsir götürüldüyü sübut olunub.
 

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin iki kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.
 

Qaradağlı kəndi indi də işğal altındadır.
 

Müəllif | Apa.Tv