Orta məktəblərdə əvəzedici müəllim problemi necə həll olunmalıdır? - ARAŞDIRMA
Məktəblərdə kadr çatışmazlığı, əvəzedici müəllimlərin olmaması son zamanlar problemə çevirilib. APA TV-nin paytaxt sakinləri arasında apardığı sorğu zamanı məlum olub ki, övladı orta məktəblərdə təhsil alan valideynlər bu problemlə tez-tez üzləşirlər.
Bir müddət əvvəl Hövsandakı 118 saylı orta məktəbdə keçilməyən dərslərlə bağlı ciddi problem yaranmışdı. Məktəbin direktor müavini Sabir Tağıyev bildirmişdi ki, müəllim hər hansı səbəbdən işə gəlməyəndə dərsin boş keçməməsi üçün onun əvəzedicisini tapmaq çətin olur: "Dərsə gəlməyən müəllimləri əvəz edən ehtiyat müəllimimiz yoxdur. Dərslərin boş keçməməsi üçün müəyyən kadrlardan istifadə edirik . Kitabxanaçı riyaziyyat müəllimi olur, ibtidai sinif müəllimi olur".
Təhsil eksperti Etibar Əliyev deyir ki, məktəblərin əksəriyyətində bu problem mövcuddur. Onun sözlərinə görə, hər hansı fənni ixtisas müəllimindən kənar müəllimin tədris etməsi çox ciddi qüsurdur: "Müəllim ona ayrılan dərs yükünə müvafiq olaraq fənnini tədris etməlidir. Həmin müəllimin olmadığı təqdirdə müvafiq tədbirlər görülməlidir".
Onun sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün Təhsil Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi, təhsil şöbələri mütəmadi olaraq məktəblərdə monitorinq aparmalıdır. Bütün hallarda dərslər boş keçməməlidir.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib ki, müəllim olmaq istəyən şəxs öz iş yerini seçir və müsabiqə nəticəsində seçilir. Daha sonra isə nazirlik qərar verir ki, həmin namizəd müəllim işləyə bilər, ya yox. Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri həmin şəxsin seçdiyi məktəb haqqında məlumatsızlığıdır: "Bəzən işə qəbulla bağlı belə problemlər olur. Vətəndaş məktəbi seçir, ancaq məlumatı olmur ki, məktəb harada yerləşir, məktəbə necə gedəcək? İşə qəbul olunandan sonra qərar verir ki, ordada işləməsin. Sentyabrın axırına yaxın məktəbə getmir. Bundan sonra nazirlik bu haqda məlumat alır. Artıq dərslər başlamış olur, o zaman məktəb və yerli rayon təhsil idarələrinə tapşırıq verilir ki, yaxın rayonlardan, məktəblərdən müvəqqəti ya da əvəzçilik qaydasında kimsə dəvət edilsin, dərslər boş keçməsin".
Müdir müavini bildirib ki, imtahanlardan əvvəl, vakansiyalar elan olunan zaman müəllim olmaq istəyən şəxs seçəcəyi iş yeri haqqında məlumat toplamalıdır. Onun sözlərinə görə, bu gün ümumtəhsil müəssisələrində 150 minə yaxın müəllim çalışır. Onların arasında xəstəlik və yaş həddi ilə əlaqədar dərsə gəlməyən, yaxud ümumiyyətlə peşəni tərk edən müəllimlər var. Belə olan təqdirdə dərslər boş qalır. Bu məsələni operativ şəkildə həll etmək Təhsil Nazirliyinin yerli təhsil idarəetmə orqanlarına tapşırılıb: "Heç də həmişə tədris ilinin ortasında dərsdən çıxan və yaxud işini tərk edən müəllimin yerinə müəllim tapmaq asan olmur. Amma dərslərin boş keçməsinə qətiyyən imkan vermək olmaz. Ucqar kənd yerlərində bu məsələ daha qabarıqdır".
Nazirlik təmsilsisi əlavə edib ki, orta məktəblərdə kimya, fizika, biologiya fənləri üzrə müəllim çatışmazlığı var. Bunun bir neçə səbəbinin olduğunu deyən İlham Nağıyevin sözlərinə görə, bu fənlər üzrə ali məktəbləri bitirən məzunlar kifayət qədərdir. Amma onların çoxu müəllimlik peşəsini seçmir.