ABŞ dövlət katibinin köməkçisi: "Ermənistan girovları qaytarmalıdır"

“Təmas xətində son altı ayda baş verən gərginliklərdən narahatıq”.

 

APA TV-nin xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib. Amerikalı diplomat bildirib ki, Ermənistan humanitar jest olaraq girovları qaytarmalıdır: “Sabah bunu Ermənistanda da deyəcəyəm. Biz zorakılığa son qoyulmasını, tərəflərin masa arxasına qayıtmasını istəyirik. Bu prosesi dəstəkləmək istəyirik”.

 

Viktoriya Nuland Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağla bağlı müzakirələr apardıqlarını deyib: “Son on gün ABŞ-Azərbaycan münasibətlərində çox məşğul dövr olub. Dövlət katibinin enerji məsələləri üzrə koordinatoru, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri bu müddətdə Bakıda olub. Öz səfərimi də bura əlavə edərək, bildirmək istəyirəm ki, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla səmimi görüşlər keçirmişəm”.

 

Viktoriya Nuland qeyd edib ki, Azərbaycan rəhbərliyi ilə aparılmış danışıqlar zamanı təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub: "Cənub Qaz Dəhlizi Avropa, Azərbaycan və ABŞ-ın birgə layihəsidir. Hazırda Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün birlikdə çalışırıq. Bu layihə tək Azərbaycan deyil, enerjisi bir mənbədən olan ölkələr üçün də əhəmiyyət kəsb edir. İstəyirik ki, bu layihənin gücləndirilməsi istiqamətində Avropa İttifaqı ilə sıx əlaqə quraq”.

 

Viktoriya Nuland deyib ki, onunla birgə Azərbaycana ölkəsinin Müdafiə Nazirliyinin, ABŞ-ın Avropa Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də gəlib. Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin öyrədilməsi, gücləndirilməsi sahəsində müzakirələr aparılır. O qeyd edib ki, ABŞ güclü və müstəqil Azərbaycan görmək istəyir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı