Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev fevralın 17-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunub, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. Söhbət zamanı ölkələrimizin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.