Səbaildə qardaş-bacının bıçaqlanmasının təfərrüatları məlum olub

Fevralın 17-inə keçən gecə Bakının Səbail rayonunda baş vermiş qətlin yeni detalları üzə çıxıb. 24 yaşlı Elvin Hüseynli və onun 33 yaşlı bacısı Türkan Hüseynova bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Dörd bıçaq xəsarəti alan Elvin Hüseynli dünyasını dəyişib, Türkan Hüseynova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Əvvəlcə məlumat yayıldı ki, qətli törətməkdə Rasim Mustafayev şübhəli bilinir və guya, o, Türkan Hüseynova ilə nişanlı olub. Qanlı hadisə də Hüseynovların evində baş verib.

 

Vesti.az-ın Səbail Rayon Polis İdarəsindən aldığı məlumata görə, hadisədən əvvəl Elvin Hüseynli evə girib və içəridə kişi ayaqqabısı görüb. Rasim Mustafayev evdə gizlənib, ev sahibi onu tapdıqdan sonra isə onların arasında dava düşüb. Çağırılmamış qonaq üzərindəki bıçağı işə salıb. Qarışıqlıq zamanı Türkan Hüseynovanın özü də yaralanıb.

 

Rasim Mustafayev hadisə yerindən qaçıb. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları onun axtarışı ilə məşğuldurlar.

 

Zərərçəkən Türkan Hüseynova istintaqa ifadəsində bildirib ki, Rasim Mustafayevlə nişanlı deyil. Üstəlik, şübhəli şəxs evlidir, övladları var. Son versiyaya görə, onun Türkan Hüseynovadan xoşu gəlirmiş, qızı addım-addım təqib edirmiş. Amma Türkan Hüseynova ona rədd cavabı verib. Bundan sonra onların münasibətləri kəskinləşib və bir müddət əvvəl Rasim Mustafayev Türkanın evinə gələrək mübahisə edib, hətta onun anasına xəsarətlər yetirib. Bu səbəbdən ailə onlara rahatlıq verməyən evli kişidən polisə şikayət edib. Araşdırmalar çərçivəsində R.Mustafayev polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb.

 

Məlumata görə, həm mərhum Elvin Hüseynili, həm də bacısı Türkan Bakıdakı iri banklardan birində çalışıb. Fevralın 17-nə keçən gecə bacı və qardaş birlikdə evə gəliblər. Onlar hiss ediblər ki, evdə kənar adam var. Əvvəlcə düşünüblər ki, evə oğru girib. Amma Rasim Mustafayevi tapdıqdan sonra dava düşüb, Elvin bıçaqlanıb. Türkan qardaşını müdafiə etmək istəyərkən özü də bıçaq xəsarəti alıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv