Elnur Hüseynov "O səs Türkiyə"nin finalında

"O səs Türkiyə" müsabiqəsində yarımfinal gecəsi olub. APA TV-nin məlumatına görə, azərbaycanlı iştirakçı Elnur Hüseynov da ötən gecə səhnəyə çıxıb. Elnur əvvəlcə musiqisi Tofiq Quliyevin, sözləri Rəsul Rzanın olan "Yalqızam yalqız" əsərini oxuyub. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk səsvermədə 6-lığa daxil olub.

 

Şərtlərə görə, ən az səs toplayan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər.

 

Bu dəfə E.Hüseynov Sertab Erenerin repertuarından "Vur yüreğim" mahnısını səsləndirib.

 

Azərbaycanlı iştirakçı bu dəfə final dördülüyünə vəsiqə qazanıb. O, bu gün final gecəsində qalib olmaq üçün yarışacaq.

 

Yarımfinal gecəsinin ən maraqlı anlarından biri də Elnur Hüseynovun komanda rəhbəri Ebru Gündeşlə dueti olub. Onlar görkəmli bəstəkar Cahangir Cahangirovun "Ay qız" mahnısını ifa ediblər.

 

Müəllif | Apa.Tv