Bakıda oğrular toya gedən ailənin evini taladı
Bakının Binəqədi rayonu, 28 May qəsəbəsinin İzlivnoy küçəsindəki 16 saylı evdə yaşayan Şirəliyevlər ailəsi üçün bir neçə saatlıq toy əyləncəsi xoşagəlməz sonluqla bitib. APA TV-nin məlumatına görə, onların evdə olmadıqları müddətdə ailəyə məxsus qızıllar oğurlanıb. Ev sahibi Şirəliyev Şirbala Qurban oğlunun dediyinə görə, həyətdə kirayənişin də yaşayır. Ancaq səssiz-səmirsiz gəlib-gedən oğrulardan heç onlar da xəbər tutmayıblar. Baxmayaraq ki, ev sahibinin iti bir neçə dəfə hürərək səs salıb. APA TV-nin xəbərinə görə, oğurluq faktı ilə bağlı ərazi üzrə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə də məlumat verilib. Evə baxış keçirən polis əməkdaşları müəyyən barmaq izləri və nümunələr də götürüb. Ailəyə məxsus qızıl-zinət əşyaları, mobil telefon, 100 manat pul və avtomobil qarajındakı avtomobilə aid sənədlər oğurlanıb. Evə soxulan şəxs və ya şəxslərin kimliyi barədə hələlik bir məlumat yoxdur.
Faktla Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində araşdırma aparılır.