"Azəryolservis"in işçiləri qəzaya düşdülər: 3 yaralı

Bakının Nərimanov rayonu ərazisində yük maşını ağır qəza törədib. APA TV-nin məlumatına görə, Ziya Bünyadov prospekti ilə metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən "Shacman" markalı ağırtonnajlı yük maşını "Azəryolservis" ASC-yə məxsus "Mitsubishi" və UAZ markalı avtomobillərə çırpılıb. Nəticədə həmin avtomobillərdə olan 3 nəfər - 51 yaşlı Veysəlov Amil Nemət oğlu, 33 yaşlı Səfərov Murad Əlioğlan oğlu və 28 yaşlı Rəcəbov Emin Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərilən yaralılar sonradan klinikalardan birinə köçürülüb.

 

Yol qəzasının təfərrüatını Nərimanov RPİ-nin istintaqçıları araşdırır. Məlumata görə, xəsarət almış şəxslər "Azəryolservis" ASC-nin işçiləri olub və həmin vaxt ərazidə təmir işləri aparırlarmış.

 

Hadisəni törətdiyi bildirilən "Shacman" yük maşınının sürücüsü isə qəza baş verən ərazini tərk edib. İlkin ehtimala görə, yük maşını yüksək sürətlə hərəkət edirmiş. Buna görə də təmir sahəsinə yaxınlaşdıqda sürücü sürəti tənzimləyə bilməyib.

 

Müəllif | Apa.Tv