Bakıda zəncirvari qəza törədən avtomobilin sürücüsü ölüb
Ötən gecə Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, zəncirvari Şərifzadə küçəsində, "Yasamal bazarı"nın qarşısında baş verib. Əlixan adlı şəxs idarə etdiyi "Mercedes" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə "Mercedes" yol kənarinda dayanan iki "Opel", bir "Mercedes" markalı minik avtomobilinə və "Ford" markalı yük maşınına çırpılıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, yol kənarındakı avtomobillərə çırpıldıqdan sonra yolun hərəkət hissəsinə düşüb. Qəzaya uğrayan "Mercedes"in Əlixan adlı sürücüsü sükan arxasında dünyasını dəyişib. Onun meyitinin deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Avtomobildə olan sərnişinlər - Şərəf Məlikov, Tahir Salayev və Xalid adlı şəxs ağir bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları əvvəlcə yaralılara elə orada ilkin tibbi yardım göstərib.
Xəsarət alan sərnişinlər daha sonra Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstaxanadan APA TV-yə verilən məlumata görə, yaralıların vəziyyəti ağır olaraq qalır.
Qəzaya gəlincə, ilkin versiyaya görə, hadisəyə yüksək sürət səbəb olub
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.