Bakıda dostların yeyib-içmək məclisi qanlı bitdi: 1 yaralı
Bakıda dost dostu bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Ramana qəsəbəsindəki "Südçülük sovxozu" adlanan yerdə baş verib. Gecə saatlarında 3 saylı Şəhər Kliniki Xəstəxanasında çoxsaylı bıçaq xəsarətləri ilə Kəlbəcər rayon sakini, 43 yaşlı Müşfiq Nəcəfov gətirilib. Əməliyyat olunan yaralının qarın, baş və əl nahiyələrində bıçaq yaraları aşkar olunub. Müşfiq Nəcəfov əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Hər şey kafedə dostların yemək-içmək məclisindən sonra başlayıb. Spirtli içki qəbul edən dostlar kafeni tərk ediblər, masa yoldaşı Müşfiq Nəcəfovu evinə aparmağı təklif edib. O, dostunun təzə aldığı maşına əyləşib. Amma yolda dostların sözü çəp gəlib. Əvvəlcə qarşılıqlı söyüşlər, daha sonra isə bıçaq işə düşüb.
Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçıb. Müşfiq Nəcəfov polisə ifadə vermədən əməliyyat olunduğundan, hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi araşdırır.