Elman Rüstəmov: “Dollar almaq istəyənlərə heç bir maneə yaradıla bilməz”
Valyutadəyişmə məntəqələrindən dollar almaq istəyən əmanətçilər üçün heç bir maneə yaradıla bilməz. “APA-Economics”in məlumatına görə, bu barədə AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank kommersiya banklarına göstəriş verib ki, manatla olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər cür şərait yaradılmalıdır və bu prosesə maneə törədilməməlidir.
Valyuta mübadiləsi məntəqələrindəki yaranmış vəziyyətə toxunan Elman Rüstəmov qeyd edib ki, bu gün nağd valyutaya tələbat artıb. Mərkəzi Bank tərəfindən bütün bankların nağd valyuta ilə tam təmin olunduğunu deyən E. Rüstəmov bildirib ki, valyutanın hansı formada saxlanılması əhalinin şəxsi seçimidir:
“Azərbaycan əhalisinin banklarda 7 milyard manat ekvivalentində əmanəti var. Bunun yarısı milli valyutadadır, yarısı isə xarici valyutada. Son iki ayda görürük ki, müəyyən dollarlaşma prosesi gedir. Bu artım cəmi 4 faizdir. Bizim banklara tövsiyə və göstərişimiz ondan ibarət olub ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın. İstənilən vətəndaş bunu etmək istəyirsə, onun buna tam hüququ var”.
Elman Rüstəmov əhalinin banklardan əmanətlərini çıxarmadığını qeyd edib və bunu müsbət hal kimi dəyərləndirib.