Bakıda restoranlara saxta araq satan şəxslər saxlanılıb

Azərbaycanda müxtəlif adda saxta spirtli içkiləri restoranlara satan şəxslər müəyyən edilib. APA TV-nin xəbərinə görə, DİN saxlanılan şəxslərin və müsadirə olunan malların video görüntüsünü yayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Səbuhi Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılıb. Onun idarə etdiyi "Mitsubishi" markalı avtomaşından "Banketnaya", "İzbuşka" və "Ambarnaya" markalı 218 ədəd spirtli içki götürülüb. Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin  Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və onların saxta olması müəyyən olunub. Araşdırmalarla üzərinə saxta aksiz markaları vurulmuş həmin spirtli içkilərin Xırdalan şəhərində yaşayan Kəlbəcər rayon sakini Vidadi Cümşüdovdan alınması müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə sonuncu da saxlanılıb. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv