Çerniqov Vilayət Radası Xocalı soyqırımına qiymət verəcək

Azərbaycanın Xarkovdakı fəxri Konsulluğunun təşkilatçılığı ilə Ukraynanın bir sıra vilayət və şəhərlərində Xocalı soyqırımının 23-cü ildönümü  ilə bağlı silsilə tədbirlər başlanılıb. APA TV-nin məlumatına görə, Çerniqov Vilayət Radasında keçirilən ilk anım mərasimdə Xocalı soyqırımının Çerniqov vilayət Deputatlar Şurasının müzakirəsinə çıxarılması ilə bağlı qərar qəbul olunub. 

 

Çerviqov  vilayət  rəsmilərinin, deputatların, diaspora fəallarının, jurnalistlərin, yerli və xarici tələbələrin  iştirak etdiyi anım mərasimini Azərbaycanın Xarkovda fəxri Konsulu Əfqan Salmanov açaraq, ermənilərin son 2 əsrdə Azərbaycanda həyata keçirtdikləri soyqırımı və işğalçılıq siyasətinə dair tarixi faktları açıqlayıb.

 

Tədbirdə Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub. Çerniqov vilayət Deputatlar Şurasının sədri  Nikolay Zverev, tarixçi alım  Anatoli Qonçarenko və digər  şəxslər  ermənilərin Xocalıda uşaqlara, qadınlara, qocalara qarşı həyata keçirtdikləri qəddarlıqların tək bir xalqa qarşı deyil, ümumilikdə, insanlığa yönəlik bəşəri cinayət  olduğunu nəzərə çatdırıblar. Natiqlər Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun  təşəbbüsü ilə Xocalı soyqırımının  Çerniqov vilayət radasında müzakirəyə çıxarılacağını  və bu tarixi cinayətə  hüquqi siyasi qiymət verilməsi ilə bağlı beynəlxalq  təşkilatlara müraciət qəbul olunacağını  bildiriblər.

 

Nikolay Zverev bildirib ki, Xocalı faciəsi adi bir faciə deyil, Azərbaycan xalqına qarşı həyata keçirilmiş əsl soyqırımı siyasətidir. Bu cinayəti törədənlər  beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmalıdır.

 

Anim mərasimini diqqət mərkəzində  saxlayan yerli  televiziya və kütləvi informasiya vasitələri də Xocalı soyqırımı ilə bağlı geniş reportaj və materiallar yayımlayıb, erməni vəhşiliyini vilayət ictimaiyyətinin diqqətinə çatdırıblar. 

Müəllif | Apa.Tv
Apa.tv