Debaltsevoda küçə döyüşləri başladı, Ukrayna qoşunları geri çəkilir - REAL VİDEO

Ukraynanın strateji əhəmiyyətə sahib Debaltsevo qəsəbəsində artıq küçə döyüşləri başlayıb. APA TV-nin məlumatına görə, tərəflərin heç biri artıq atəşkəs razılaşmasına əməl etmir. Antiterror Mərkəzinin qərargah nümayəndəsi Kiyevdə keçirilən brifinqdə bildirib ki, separatçılar bütün sutka ərzində atəşi dayandırmayıblar. Artıq Debaltsevonun böyük bir hissəsi separatçıların nəzarətindədir. Qəsəbəyə hücumu davam etdirən separatçı qüvvələr Ukrayna hərbçilərinin mühasirədən çıxmağa cəhd etdiyini, bəzilərinin isə kiçik qruplar şəklində könüllü əsir düşdüklərini açıqlayıblar. Rəsmi Kiyev də Debaltsevonun bir hissəsinin qarşı tərəfin nəzarətinə keçdiyini etiraf edib, lakin hərbçilərin əsir düşməsi xəbəri təkzib olunub. ATƏT bəyan edib ki, tərəflərə edilən atəşkəs çağırışı cavabsız qalıb, bu səbəbdən də qurumun əməkdaşları Debaltsevoda vəziyyəti dəyərləndirmək üçün əraziyə gedə bilməyiblər. Rusiya prezidenti Vladimir Putin isə Debaltsevoda mühasirəyə düşən Ukrayna hərbçilərinə oradan çıxmaq şansı verilməsi ilə bağlı müraciət edib. Ukrayna mətbuatı Putinin bu çağırışını hökumət qüvvələrinə silahı yerə qoymaq barədə təzyiq kimi qiymətləndirib. Xatırladaq ki, bəzi mənbələr mühasirədə 6 minədək Ukrayna hərbçisinin qaldığı barədə məlumat yayıb. ABŞ-ın vitse-prezidenti Co Bayden isə Rusiyanı Minsk razılaşmasını pozmaqda ittiham edib. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurası ağır texnikanı geri çəkmək barədə razılaşmanı dəstəkləsə də, Rusiya bu öhdəliyə əməl etməyib. Ukrayna prezidenti Poroşenko BMT Təhlükəsizlik Şurasında Ukraynanın mənafeyini dəstəklədiyinə görə Co Baydenə təşəkkürünü bildirib. O, Ukraynanın müdafiəsi üçün ABŞ-a silah yardımı ilə bağlı yenidən müraciət edib.

 

Müəllif | Apa.Tv
Apa.tv