Komitə sədri: “Ermənilər işğal etdikləri ərazilərdə minə yaxın abidəni dağıdıblar”

“Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən çoxlu abidələr, məscidlər dağıdılıb ki, onların ümumi sayı 1000-ə yaxındır. Bu abidələr işğal olunmuş ayrı-ayrı rayonlarda yerləşir".

 

APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: "Dağıdılan abidələr içərisində yalnız müsəlman abidələri deyil, eyni zamanda yəhudi, xristian, alban məbədləri də var. Biz məhz bu məsələləri dünya ictimaiyyətinə çatdırmaq istəyirik. Azərbaycanın hücum diplomatiyası bu barədə ciddi uğurlar əldə etməkdədir, Heydər Əliyev Fondu da bu istiqamətdə xeyli işlər görməkdədir".

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu “İşğal altında qalmış abidələrimiz: tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçirilib.

Mübariz Qurbanlı bildirib ki, ermənilər işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalıda soyqırımlar, vəhşiliklər törədiblər. Bu məlumatlar müxtəlif dillərdə yayılıb dünyaya çatdırılmalıdır.

İnstitutun direktoru, deputat Aytən Mustafayevadeyib ki, Azərbaycana dəymiş maddi zərər üzərində işləməli və bu hesab işğalçılar qarşısında qoyulmalıdır: "Terrorçuluq heç nəyi qorumur, heç bir inkişafa imkan vermir".

Konfransda “Erməni təcavüzü və dini abidələrimiz”, “Dağlıq Qarabağda monumental incəsənət və dini abidələrin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri” mövzusunda təqdimatlar keçirilib. Daha sonra komitə ilə institut arasında anlaşma Memorandumu imzalanıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova