DSX-nin Sahil Mühafizəsinin yaradılmasının 10-cu ildönümü qeyd olunub

DSX-nin Sahil Mühafizəsinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə iştirak edən DSX rəisinin 1-ci müavini, general-leytenant Rəşad Sadıqov bildirib ki, dəniz sərhədlərinin mühafizə işində böyük inkişaf əldə olunub:

 

“Prezident İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən yaradılmış gəmi inşa zavodunda sərhəd gözətçi gəmiləri yenilənəcək. Onu xüsusi qeyd etmək lazımdır ki, Sahil Mühafizə tam peşəkar heyətlə komplektləşdirilib”.
 

Sahil Mühafizə rəisinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Elnur Həbibov isə deyib ki, Sahil Mühafizə tərəfindən 2005-2015-ci illər aralığında Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində 11 min 116 gün xidmət təşkil olunub: “Bu xidmət ərzində 903 gəmiyə, 345 qayığa baxış keçirilib. Keçirilmiş baxış zamanı 13 kiloqrama yaxın narkotik aşkarlanıb”.
Daha sonra tədbir iştirakçıları Sahil Mühafizəsinin tarixini əks etdirən sərgiyə baxıblar və hərbi hissədə yaradılmış xidməti şəraitlə tanış olublar.
Tədbirdə xidməti döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltif olunublar.
 

Qeyd edək ki, DSX-nin Sahil Mühafizəsi prezident İlham Əliyevin 2005-ci il 18 fevral tarixində imzaladığı sərəncam əsasında yaradılıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı