Bakıda tikilən Su İdmanı Sarayının SON GÖRÜNTÜLƏRİ

Bakıda Su İdmanı Sarayının tikintisi yekunlaşmaq üzrədir. Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən kompleksdə hazırda avadanlıqların quraşdırılması və otaqların təmir olunması işləri həyata keçirilir.

 

APA TV-nin xəbərinə görə, 18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarətdir. Bu qurğular arasında ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılıb. Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaq.

 

Kompleksə daxil olan Su İdmanı Sarayı üçünsə 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

 

Su İdmanı Sarayında üç hovuz nəzərdə tutulur ki, bunlardan ən böyüyü üzgüçülük yarışlarının keçirilməsi üçün ayrılıb. İkinci hovuzdan hündürlükdən suyatullanma, üçüncü hovuzdan isə yarışdan əvvəl məşqlərin keçirilməsi zamanı istifadə ediləcək.  

 

Üzgüçülük üçün nəzərdə tutulan hovuzun uzunluğu 50, eni 25, dərinliyi isə 3 metr olacaq. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək.

 

Fevral ayının sonlarında tikintisinin başa çatdırılması planlaşdırılan 6 min nəfərlik tutuma malik Su İdmanı Sarayı 4 mərtəbədən ibarət olacaq.

 

Respublikada ən böyük su-idman kompleksi olan bu sarayda tamaşaçıların yarışları izləməsi üçün oturacaqlar da quraşdırılıb. Burada yerləşdirilən oturacaqlardan izləyicilər arenanı daha rahat şəkildə görə biləcəklər. Yuxarı hissədə isə VİP qonaqların yarışları izləməsi üçün xüsusi tribunalar nəzərdə tutulur.

 

Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil, yerüstü dayanacağı yaradılacaq. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılır. Tikinti işlərini xarici və yerli şirkətlər icra edir. Sarayın ərazisində yaşıllıq zolaqları salınacaq, istirahət guşələri yaradılacaq. Sarayda müasir idman avadanlığı, inventarlar, ventilyasiya sistemi, nəmalma qurğusu, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları, liftlər quraşdırılacaq, əraziyə giriş-çıxış yolları çəkiləcək.

 

Zirzəmidən və tribunaları dəmir-beton konstruksiyadan ibarət olacaq kompleksin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınıb.

 

Müəllif | Apa.Tv