Ukrayna prezidenti: “Debaltsevodan qoşunları çıxardıq”

Ukrayna prezidenti Pyotr Poroşenko Debaltsevodan qoşunların çıxarılması əməliyyatının başa çatdığını elan edib. APA TV-nin məlumatına görə, “Borispol” aeroportunda jurnalistlərə açıqlama verən prezident bildirib ki, Milli Qvardiya və Silahlı Qüvvələr hərbi hissələrin Debaltsevodan çıxarılması işini planlı və mütəşəkkil şəkildə başa çatdırıblar. Poroşenko qoşunların hərbi texnikanı da Debaltsevodan çıxardığını deyib. Qeyd edək ki, bununla Debaltsevo yaşayış məntəqəsi bütünlüklə separatçıların əlinə keçib. Ukrayna mənbələri qoşunların Debaltsevodan Artyomovsk istiqamətində geri çəkildiyini bildirir.

 

Separatçılar tam nəzarətə götürdükləri Debaltsevoda 3 minədək Ukrayna əsgərinin mühasirədə saxlandığını açıqlayıblar. Onlar bildiriblər ki, mühasirədə olan hərbi birləşmələrə silah və texnikanı təhvil versələr, onların azad edilərək ailələrinin yanına dönməsi məsələsinə baxıla bilər. 

Müəllif | Apa.Tv
Apa.tv