DSMF sədri: "Pul-kredit siyasətində dəyişiklik pensiya təminatında problem yaratmayacaq"

 

"Manatın məzənnəsinin aşağı düşməsi pensiya təminatında heç bir problem yaratmayacaq".

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib: “Ümumiyyətlə iqtisadiyyatda baş verən proseslər, o cümlədən manatın məzənnəsi ilə bağlı baş verənlər pensiya sisteminə heç bir təsir göstərmir. Çünki pensiya sisteminin bazar iqtisadiyyatı mühitində fiskal təsirlərdən qorunma mexanizmləri var. Bunlar baza iqtisadiyyatı sistemində pensiya sistemini mənfi fiskal təsirlərdən, o cümlədən inflyasiyanın qorunması mexanizmini ifadə edir. Bu gün DSMF-nin göstəricilərinə diqqət yetirdikdə neftin qiymətinin dəyişməsi iqtisadiyyatda baş verən digər proseslərin təsir etmədiyini müşahidə edə bilərsiniz. Fond il ərzində qrafik üzrə pensiya maliyyələşməsini vaxtından əvvəl yerinə yetirib”.

 

Elman Mehdiyev deyib ki, bu ilin yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Bundan sonra Azərbaycanda pensiyaçılar pensiyalarını digər bankların bankomatlarından da götürə biləcəklər. İndiyədək pensiyalar verilərkən bankomatların qarşısında gərginlik müşahidə olunub: "Lakin bu, pensiyaların maliyyəşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Belə ki, bu, vətəndaşların maliyyələşmə günündə, yəni bir gündə öz vəsaitlərini bankomatlardan nağd çıxarılmasına əsaslanır. Mövcud məsələnin tənzimlənməsi üçün DSMF-nin aidiyyəti qurumlarla danışıqlar aparır. Layihə reallaşdıqdan sonra artıq bankomatlar qarşısında heç bir sıxlıq yaranmayacaq".

 

Elman Mehdiyev əlavə edib ki, banklar arasında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılar müxtəlif bankların bankomatları vasitəsilə pensiyalarını əldə edə biləcəklər. Həmçinin nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu sahədə təşviqatın aparılması məsələsi də gündəmdədir.

 

Müəllif | Apa.Tv
Apa.tv