Ukrayna və İrandan Azərbaycana 40 kq narkotik daşınmasının qarşısı alınıb

 

Milli Təhlükəsizlik Nazirliyinin keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna və İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana ümumilikdə 40 kiloqrama yaxın narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınıb, 15 nəfər şübhəli şəxs qismində tutulub.

 

Nazirliyin İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, MTN və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Əsgərov Rahət Cəlil oğlu, Məmmədov Vasif Yaqub oğlu, Əzimov Bayram Habil oğlu, habelə Cəfərov Binnət Vidadi oğlu, Əliyev Yusif Kamal oğlu, Mehdiyev Oqtay Muxtar oğlu, Cəfərov Qara Vidadi oğlu, Həsənov Elnur Camal oğlu, Muradov Loğman Şükür oğlu və Ukrayna vətəndaşı Bayramov Əli Yusif oğlu Ukraynadan saxlanılıb, onlardan 24 kiloqram 500 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

MTN tərəfindən narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı daha bir neçə əməliyyat-axtarış tədbiri keçirilib. “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşı Abuşov Vüsal Mircəfər oğlu saxlanılıb, ondan 3 kiloqram 900 qrama yaxın tiryək götürülüb.

 

Digər əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşı Abbasov Məmməd Şura oğlu saxlanılıb, ondan 600 qrama yaxın heroin aşkarlanıb.

 

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşları İsmayılov Ramil Vahid oğlu, Həsənalıyev İlqar Qurban oğlu və Məmişov Cavid Allahverən oğlu saxlanılıb. Onlardan 720 qramdan artıq tiryək və 10 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv