Gömrük Komitəsinin xidmət itləri necə yetişdirilir? - Kinoloji Mərkəzdən XÜSUSİ REPORTAJ

"Muxtar", "Reks", "Con", "Dərya", "Capbi", "Daşa"...

 

Ölkəyə qaçaqmal keçirilməsinin qarşısını almaqda bu itlərin xidmətləri əvəzsizdir. Onlar sərhəd keçid məntəqəsinin ən etibarlı keşikçisi, narko-tacirlərin qənimidir.

 

Respublikanın gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən “ötürücü məntəqə” kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən xüsusi tədbirlər görülür, ixtisaslaşdırılmış kadrlarla yanaşı, kinoloji xidmətin imkanlarından da istifadə olunur. Qaçaqmalçılıq halları, o cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin eləcə də silah-sursatın qanunsuz dövriyyəsi ilə mübarizə işində Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin işi olduqca önəmlidir.  

 

Mərkəzin rəisi polkovnik-leytenant İlkin Osmanov APA TV-yə deyib ki, xidməti axtarışa seçilən itlərin ilk öncə təlim prosesinə yararlı olub-olmadığı yoxlanılır: "Burda əsasən, itin  axtarış qabliyyəti, oyuna olan marağı, insanlarla münasibəti yoxlanılır".

 

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi 3 hektar sahəni əhatə edir və mərkəzdə təlim itlərinin hazırlanması üçün 3 saxlama korpusu, 2 açıq meydança fəaliyyət göstərir.

 

Mərkəzdə yetişdirilən itlərdən indiyədək bir çox ölkəyə hədiyyə edilib. Burada narkotik vasitələrin axtarışı üzrə 40-dan çox it var. Onlardan 37 it gündəlik olaraq sərhəd keçid məntəqələrində keçirilən yoxlanışda iştirak edir. Qaçaqmalçılar ölkəyə narkotiklər keçirmək üçün hər dəfə yeni üsullardan istifadə edirlər. Ancaq yenə də bu itlərin diqqətindən yayına bilmirlər. Çünki itlər mərkəzdə mümkün olan bütün cəhdlərə müvafiq xüsusi təlim keçir.

 

İtlər qaçaqmalçıların narkotik vasitəni gizlədə biləcəkləri bütün istiqamətlərdə məşqlər keçir - təyyarə, avtomobil, çantalar....

 

Kinoloji Xidmət Mərkəzində həm də əl yüklərində olan narkotik vasitələrin tapılması öyrədilir.

 

Hər bir təlimçi öz xidməti itinə təlim keçir. Gündəlik qidasına, təmizliyinə diqqət yetirir. Kinoluq deyir ki, itlər hər gün səhər idmanı ilə məşğul olur, bir neçə saatlıq məşqdən sonra istirahət edir.

 

Baytarlıq şöbəsində təlim itləri üçün rentgen, əməliyyat otağı və laboratoriya fəaliyyət göstərir. Burada itlər xəstəliklərə qarşı peyvənd edilir və vaxtaşırı müayinə olunur, bəzən məsələ cərrahi əməliyyata qədər gedib çıxır. Heyvanların qida rasionuna isə baytarlar ciddi nəzarət edir. İtlərə əsasən quru yemlər verilir.

 

Azərbaycandan Türkiyə, Gürcüstan, Qırğızıstan, Makedoniya, Bolqarıstan, Moldova, Rumıniya, Əfqanıstan, Monqolustan gömrük xidmətlərinə də təlim keçmiş itlər hədiyyə edilib. Başqa ölkələrə verilən belə itlərin sonradan xoş sorağı da gəlib bizə çatır.

 

Makedoniyaya bağışlanan it 20 kq yaxın heroin aşkarlayıb.

 

Mərkəzin itləri dəfələrlə müxtəlif beynəlxalq yarışlarda birinci yer qazanıb. Kubok və medallarla təltif olunub.

 

İtlərlə işləmək göründüyündən də çətindir, həm də məsuliyyətli. Çünki bu, həm də bir dövlətin təhlükəsizliyi deməkdir.

 

Müəllif | Apa.Tv