Bakıda güclü qar və çovğun gözlənilir

Fevral ayının 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq, hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA TV-yə verdiyi məlumata görə, qeyri-sabit hava şəraiti ayın 23-nə kimi davam edəcək: "Xüsusilə fevralın 21-də yağıntının bəzi yerlərdə intensiv olacağı, eyni zamanda güclü külək əsəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında isə artıq fevralın 20-də günün ikinci yarısından başlayaraq, şimal-qərb küləyinin güclənməsi gözlənilir. Bakıda və Abşeron yarımadasında ayın 23-dək qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Fasilələrlə qar yağacağı gözlənilir. Ayın 21-də güclü şimal-qərb küləyi əsəcək. 21-dən 22-nə keçən gecə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir".

 

Havanın temperaturuna gəlincə, Bakıda və Abşeron yarımadasında ayın 21-22-də gündüz saatlarında 0 dərəcəyə yaxın olacağı, ayın 22-də gecə saatlarında 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Bölgələrdə, əsasən dağlıq ərazilərdə havanın temperaturu gecə saatlarında 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 3-6 dərəcə şaxta olacaq.

 

Hava qeyri-sabit, qarlı, şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlayacağı ehtimal edilir. Ayının 20-si axşamdan 23-dək soyuq və qarlı hava şəraiti metohəssas insanlar üçün əlverişsizdir. Ayın 21-də və 22-də uzun müddət açıq havada qalmamaq məsləhət görülür.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova