Xocalı hadisələrindən bəhs edən yeni kitabın təqdimatı olub

Əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimovun “İşğal vadisi” tarixi romanının təqdimat mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, kitab barəsində danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, “İşğal vadisi” kitabında xalqımızın başına gətirilən faciələr barədə geniş məlumat verilib. Mətbuat Şurasının sədri həmçinin Xocalı faciəsi barədə də danışıb: “Bir həftə sonra Xocalı faciəsinin törədilməsinin 23 ildönümü qeyd olunacaq. Biz bu qanlı hadisəni dünyada soyqırımı kimi tanıtmağı qarşımıza məqsəd qoymuşuq. Bundan başqa, ermənilər bu il aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Düşünürəm ki, Yusif müəllimin “İşğal vadisi” kitabı XIX əsrin əvvəllərindən bu tərəfə xalqımıza qarşı törədilmiş cinayətlər barədə geniş məlumatları özündə əks etdirir”. Tədbirdə Məzahir Süleymanov, Umud Rəhimoğlu, Tapdıq Abbas, Elçin Mirzəbəyli, Müşfiq Ələsgərli və başqaları da çıxış edərək kitab barəsində fikirlərini bölüşüblər.

 

Müəllif | Apa.Tv