Gəncədə iki piyada avtomobillə vurulub

Fevralın 18-dən 19-na keçən gecə Gəncədə bir-birinin ardınca iki piyadavurma hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisələrdən biri şəhərin Xəqani küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Naməddin Mirzəyev yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobili tərəfindən vurulub. Yaralı bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Digər hadisə isə şəhərin şərq girişində, Nizami Gəncəvi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Samit Mirzəyev "VAZ" markalı avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər hər iki xəstənin vəziyyətinin orta-ağır olduğunu bildirirlər. Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli