Suriyada döyüşən azərbaycanlıları dəstəkləyən şəxsin evindən silah-sursat tapılıb

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş  məlumat əsasında Saatlı rayon sakini Bakir Əliyev Bakı şəhərində saxlanılıb. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 400 qram trotil şaşkası, 1 patron darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Saxlanılan şəxsin Suriyada ekstremistlərin sıralarında döyüşən Azərbaycan vətəndaşlarını dəstəklədiyi, digərlərini də onlara qoşulmağa çağırdığı müəyyənləşib.

Daha bir uğurlu tədbir külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı olub. Masallı rayon sakini Rəhman Eyyubov 35,28 qram marixuananı satarkən saxlanılıb. Davam etdirilmiş tədbirlərlə narkotik vasitəni ona satmış Sabirabad rayonunda yaşayan Hamlet Məlikov da tutulub, ondan 34,76 qram, yaşadığı evindən isə 5 kiloqram 75 qram marixuana aşkarlanıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb. 

Müəllif | Apa.Tv