"Beşiktaş" və "Trabzonspor"dan uğursuz başlanğıc

Türkiyə klubları UEFA Avropa Liqasında 1/16 mərhələsinə uğursuz başlayıb. APA TV-nin məlumatına görə, Türkiyənin turnirdəki təmsilçiləri - "Beşiktaş" və "Trabzonspor" ilk oyunda məğlub olub.

 

"Beşiktaş" ilk oyununu səfərdə "Liverpul" qarşı keçirib. Türkiyə klubu oyunun sonlarına qədər qolsuz heç-heçəni qoruya bilsə də, son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilməyib.

 

Oyun "Liverpulun üstünlüyü ilə keçib. Bununla belə, "Beşiktaş" da rəqib qapısı önündə təhlükəli vəziyyətlər yarada bilib. Lakin bu vəziyyətlərin heç birində fəqlənmək mümkün olmayıb.

 

Qarşılaşmanın 85-ci dəqiqəsində Motta rəqib futbolçunu cərimə meydançasında yıxıb və hakim "Beşiktaş"ın qapısına penalti təyin edib. Mario Balotelli "Liverpul"u hesabda irəli çıxarıb.

 

Beləliklə, "Liverpul" cavab oyununa minimal üstünlüklə gedir.

 

Türkiyənin digər klubu "Trabzonspor"un isə vəziyyəti daha pisdir. Öz meydanında İtaliya "Napoli"sini qəbul edən Türkiyə klubu qapısında 4 qol görüb. "Napoli"nin oyunçusu Enrike hesabı oyunun ilk dəqiqələrində açıb.

 

Çox keçmədən argentinalı futbolçu Qonsalo İquain "Napoli"nin üstünlüyünü iki topa çatdırıb.

 

27-ci dəqiqədə isə Qabbiadini "Napoli"nin 3-cü qolunu vurub. Fasiləyə qədər "Trabzonspor" effektli oyun göstərə bilmədi və fasiləyə qədər hesab dəyişməyib.

 

İkinci hissədə də "Napoli" daha üstün oyun nümayiş etdirib. 85-ci dəqiqədə "Trabzonspor"un qapısına penalti təyin etsə də, Mertens bundan yararlana bilməyib. İtaliya klubu dördüncü qolu oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə vurub və "Trabzonspor" növbəti mərhələyə yüksəlmək şansını demək olar ki, itirmiş olub.

Müəllif | Apa.Tv
Apa.tv